17 ildən sonra ilk dəfə
ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasının sabah start götürəcək XX turu tarixə düşəcək. İki gün davam edəcək tur son 17 mövsümdə ilk dəfə legioner baş məşqçi olmadan keçiriləcək.
2004-cü ilin yayında başlayan əcnəbi mütəxəssislərin axını bəzən səngiyib, bəzən vüsət alsa da, heç zaman sıfır səviyyəsinə enməyib. 2004/05 mövsümündən başlayan dövrdə ardıcıl 15 mövsüm ən azı bir baş məşqçi çempionatı startdan finişə qədər iş başında olub.
Ötən çempionatda heç bir gəlmə bütün 20 turu fəaliyyətdə olmasa da, Roberto Bordinin “Neftçi”dən gedişi zamanı Jelko Sopiç artıq “Sabah”a gəlmişdi. O, mövsümün finişinədək iş başında qaldı.
Elə həmin vaxtdan yalnız bu klubda legioner mütəxəssis qalırdı. Sopiçi əvəzləyən Visente Qomesin gedişi ilə sonuncu əcnəbi də Premyer Liqadan uzaq düşdü.
Sonuncu dəfə əcnəbi baş məşqçinin olmadığı tur 2003/04 mövsümündə olub. Çempionatın 2004-cü il mayın 5-də baş tutan son turu bu baxımdan da sonuncu idi. 17 ildən, daha dəqiqi 16 il 10 ay 8 gün sonra yenə çempionatımız həmin nöqtəyə qayıdır. Yəni 6157 gündən sonra başa çatacaq tur legionerli dönəmə son verəcək.