Anna və Valeriya əsas mərhələyə yüksəldi
ESTAFET/ Sablya üzrə Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Dünya Kubokunda qadın iştirakçıların şəxsi yarışında təsnifat mərhələsinin görüşləri keçirilib.
Təmsilçilərimizdən qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-i qalib başa vuran Anna Başta birbaşa turnirin əsas mərhələsinə vəsiqə qazanıb. Anna Başta 1/32 finalda macarıstanlı Kira Keszei ilə qarşılaşacaq.
Qrupda keçirdiyi 5 görüşdən 3-dən qalib ayrılan Valeriya Bolşakova sabah keçiriləcək əsas mərhələyə yüksəlib. Valeriya təsnifat mərhələsinin pley-offunda Gürcüstan sablyaçısı Teodara Kakhiani (15:9) və İspaniya təmsilçisi Mariya Venturanı (15:5) mübarizədən kənarlaşdırıb. Valeriya 1/32 finalda Rusiya qılıncoynadanı Olqa Nikitina ilə üz-üzə gələcək. Qrup mərhələsini 3 qələbə ilə başa vuran Sevil Bünyatova və Səbinə Kərimova isə təsnifat mərhələsinin pley-offunda mübarizəni dayandırıb. Sevil Türkiyə təmsilçisi İrina Şçuka 13:15 hesabı ilə uduzub.Səbinə Kərimova isə fransalı Marqaux Rifkissə 10:15 hesabı ilə məğlub olub.