AFFA-dan AVRO-2020 açıqlaması

ESTAFET/ AFFA Bakıdakı Avropa çempionatı oyunlarının azarkeşlərlə keçirilməsi xəbərinə münasibət bildirib.

Bu barədə "Report"a qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla açıqlama verib.

O bildirib ki, məsələ UEFA və müvafiq dövlət qurumları ilə müzakirə olunur: "Hələ ki, rəsmi açıqlama olmayacaq. Həftənin sonuna qədər bununla bağlı ictimaiyyətə məlumat verilə bilər. Çünki bütün məsələlər müzakirə mərhələsindədir".

Qeyd edək ki, "Daily Mail" nəşri Avropa çempionatını qəbul edəcək bütün 12 şəhərin UEFA-nı stadionlara heç olmasa az sayda azarkeş buraxacaqlarına dair məlumatlandırdığını yazıb. Belə qənaətə gəlmək olar ki, hazırda Azərbaycanda kütləvi tədbirlərə tamaşaçıların buraxılmasına qoyulan qadağa Avropa çempionatınadək götürüləcək. Məhz bu səbəbdən, AVRO-2020-nin Bakıdakı oyunları məhdud sayda da olsa, azarkeşlə keçiriləcək.

Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Müəllif: Estafet.az