ÇL-də 1/4 finalın cavab oyunlarına qısa nəzər
ESTAFET/ Futbol azarkeşlərini qarşıdakı iki gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşləri gözləyir. Bunu nəzərə alaraq, qarşılaşmalar haqda fikirlərimi bölüşmək istərdim.
İlk görüşdə səfərdə 2:0 hesabı ilə qalib gələn "Çelsi" klubuna cavab oyununda minimal hesablı məğlubiyyət də sərf edir. "Çelsi"də zədə problemi yoxdur, ancaq "Portu"da qapıçı Dieqo Kostanın koronavirus testi müsbət çıxdığından və Məhəmməd Mbae isə zədə səbəbindən bu oyunu buraxacaqlar. XXI əsrdə ingilislər 8 dəfə 1/4 finala vəsiqə qazanıb və yalnız 1 dəfə mərhələ adlaya bilməyib. Komandalar indiyədək 9 dəfə üz-üzə gəliblər ki, bunların 6-da "Çelsi", 2-də isə "Portu" qalib gəlib, 1 görüşdə isə heç-heçə qeydə alınıb. "Portu" ingilis klublarına qarşı keçirdiyi son 7 oyunun heç birində qalib gələ bilməyib - 2 heç-heçə, 5 məğlubiyyət. Portuqaliya klubu sonuncu dəfə yarımfinala 2003/2004 mövsümündə vəsiqə qazanıb ki, sonda da çempion olmuşdular. Düşünürəm ki, bu görüşdə də "Çelsi" qalib gələcək.
Günün digər oyununda "Bavariya" və PSJ komandaları üz-üzə gələcəklər. Almanlar ilk görüşdə 2:3 hesabı ilə məğlub olmaqla işlərini çətinə salıblar. "Bavariya" Paris səfərinə Niklas Süle, Corentin Tolisso, Hoffman, Duqlas Costa, Serj Qnabry və Levandovski olmadan yola düşəcək. Leon Qoretzkanın iştirakı isə sual altındadır. Bu komandalar 11 dəfə üz-üzə gəliblər ki, bunun 5-də "Bavariya", 6-da isə PSJ qalib ayrılıb. Ən bol qollu oyunda isə Bayern PSJ-ni 5-1 hesabı ilə məğlub edib. Vurulan qolların nisbəti 16-17 "Bavariya"nın xeyrinədir. "Bavariya" barədə nikbin fikir söyləmək çətindir, PSJ-nin yenə qalib gələrək mərhələ adlayacağını düşünürəm.
İlk görüşdə "Real" öz meydanında "Liverpul"a 3:1 hesabı ilə qalib gəlmişdir. Mersisaydlıların müdafiədəki səhvləri və Alissonun qeyri-sabit çıxışı nəticəyə öz təsirini göstərdi. Cavab görüşünü Serxio Ramos əzələ ağrılarına görə, Rafael Varan isə koronaviris testinin müsbət çıxması səbəbi ilə buraxacaqlar. Bunlardan başqa Eden Hazard, Dani Karvaxal və Federiko Valverdinin iştirakı da sual altındadır. "Liverpul"dan isə Virgil Van Diyk, Joel Matip, Joe Qomez və Jordan Henderson zədə səbəbi ilə oyunu buraxacaqlar. Bu komandalar arasında 7 görüş keçirilib ki, bunların 3-də "Liverpul", 4-də isə "Real" qalib gəlib. Aralarındakı ən böyük hesablı qələbə isə "Liverpul"un 4-0 hesablı üstünlüyü ilə başa çatan oyunda qeydə alınıb. Düzdür "Liverpul"un tarixdə çox geridönüşləri olub - 2005-cü il "Milan"la final oyunu , 2019-cu ildə "Barselona" ilə oyunda 3:0 məğlub olsa da cavab oyununda 4:0 qalib gəlmişdir. Lakin böyük ehtimalla mərhələni madridlilər keçəcək.
Sonuncu görüşümüz olan "Mançester Siti" - "Borussiya" Dortmund qarşılaşmasının ilk raundunda "şəhərlilər" 2:1 hesabı ilə qalib gəliblər. Cavab oyunu üçün ingilislərin zədə problemi yoxdur. Dortmundda isə Aleks Vitsel, Dan Aksel Zaqoda, Yussufa Moukoko və Marsel Şmelzer zədə səbəbi ilə oyunu buraxacaqlar. Jadon Sançonun isə oynayacağı sual altındadır. Bu komandalar bu vaxta qədər 5 dəfə üz-üzə gəliblər ki, 2 görüşdə dortmundlular qalib gəlib, 2 görüşdə heç-heçə qeydə alınıb, 1 görüş isə mançesterlilərin qələbəsi ilə yekunlaşıb. Fikrimcə bu görüşdə "şəhərlilər" məğlub olmayacaqlar.
İbrahim QURBANOV