Mümkün sanksiyalardan sonra Braziliyanın təxmini “11-liy”i

ESTAFET/ Braziliya yığması dəyəri ən yüksək olan heyətə malik komandadır. Bunda “sambaçılar”ın bir çox ulduz futbolçuya sahib olmasının rolu böyükdür.
Ancaq yeni yaradılan Avropa Superliqası braziliyalılara da ciddi problem yarada bilər. Çünki FİFA və UEFA qiyamçıların yaratdığı liqada iştirak edən oyunçuların yığmalarına çağırılmayacağını bəyan edib. Bu, təsdiqini taparsa, Avropanın böyük klublarında oyunçuları olan beşqat dünya çempionu bir çox ulduzundan məhrum olacaq.
Bu halda Braziliya millisinin təxmini “11-liy”i indiki durumda aşağıdakı kimi formalaşar:
Qapıçı: Veverton (“Palmeyras”)
Alisson Beker və Ederson kimi qapıçıların yanında heyətə düşmək mümkünsüzdür. Veverton isə indiyə qədər heç aşağı yaş qrupu üzrə yığmaların formasını geyinməyib. Karyerası boyu ölkəsində çıxış edən 33 yaşlı qolkiper 2018-ci ildən “Palmeyras”ın formasını geyinir.
Mərkəz müdafiəçisi: Markinyoş (PSJ)
Markinyoş millinin əvəzedilməz müdafiəçisidir. 26 yaşlı oyunçu 2013-cü ildən yığmaya çağırılır, 51 matçda iştirak edib.
Mərkəz müdafiəçisi: Dieqo Karlos (“Sevilya”)
“Sevilya”nın futbolçusu yığmaya çağırılsa da, hələ rəsmi oyuna çıxmayıb. Bu mövqe üzrə “Çelsi”dən Tiaqo Silva və “Atletiko”dan Felipe üstün tutulur.
Sol cinah müdafiəçisi: Gilyerme Arana (“Atletiko Mineyro”)
Braziliyalılar 20 ildən çoxdur ki, müdafiənin sol cinahında problem yaşamır. Əvvəlcə Roberto Karlos, ardından Marselo uzun illər bu mövqenin ən yaxşılarından olub. Gilyerme hətta hazırda bu yerə 4-cü namizəddir.
Sağ cinah müdafiəçisi: Faqner (“Korintians”)
Faqnerin yer aldığı mövqedə oynamaq şansı da çox azdır. Çünki Dani Alveşdən sonra indi də Danilo sağ cinahın daimi üzvüdür. Ancaq Faqner DÇ-2018-dən milliyə çağırılır.
Dayaq yarımmüdafiəçisi: Allan (“Everton”)
Superliqa iştirakçılarının cəzalandırılması Fabinyo və Kasemironun milliyə yolunu bağlayacaq. Bu da mövqenin üçüncüsü olan Allana əsas heyət şansı yaradacaq.
Orta sahə: Duqlas Luiz (“Aston Villa”)
Cəmi 22 yaşı olan Luiz “Aston Villa”nın heyətində uğurlu mövsüm keçirir. Baş məşqçinin yaxından izlədiyi yarımmüdafiəçi yığmada 5 matçda da iştirak edib.
Orta sahə: Bruno Gimaraeş (“Lion”)
Gimaraeş “sambaçılar”a dəvət alanlardandır. Cəmi 1 görüşdə meydana çıxan 22 yaşlı oyunçu əsasən gənclər yığmasında müntəzəm çıxış edib. Filipp Koutinyo və Artur millidən kənarda qalsa, Gimaraeş onların boşluğunu doldurmağa çalışmalı olacaq.
Sol vinger: Neymar (PSJ)
Braziliyanın ən böyük üstünlüyü PSJ-nin Superliqada iştirakdan imtina etməsidir. Bu, komandanın lideri Neymarın sanksiya ilə üzləşməsinin qarşısını alır.
Sağ vinger: Rişarlison (“Everton”)
2019-cu ildə Amerika Kubokuna çağırılanda göz yaşlarını saxlaya bilməyən Rişarlison baş məşqçi Titenin güvəndiyi oyunçulardandır. Cəmi 23 yaşı olan hücum oyunçusunun adı tez-tez Avropa nəhəngləri ilə birgə hallanır.
Hücumçu: Qabriel Barbosa (“Flamenqo”)
Qabiqol kimi tanınan forvardın oyunu ölkəsində daha yaxşı alınır. “İnter” və “Benfika”da olarkən qolu unudan Barbosa oynamasa da, milliyə çağırılır. (apasport.az)
