XƏZƏRDƏN BAŞLAYAN SƏYAHƏT SUMQAYITDA

ESTAFET/ Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu son ünvanı olan Sumqayıta yetişdi. 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 5-də “Xəzərdən Başlayan Səyahət”-ə start verdi. İndi isə marşrutun sonuncu ünvanına qədəm qoyan Səyahət, yenidən dünyanın quru ilə əhatə olunan ən böyük su hövzəsinə – Xəzər dənizinə qayıtdı. Bu əlamətdar günlə əlaqədar dünən səhər Xəzər dənizi ətrafında tədbir keçirildi.

 

Su mərasimi, futbol həvəskarı Səlim İmranlı, Prezident təqaüdçüsü, əməkdar bədən tərbiyəsi və idman xadimi Məmməd Eyvazov və yunan-Roma güləşi üzrə gənclər arasında Avropa Çempionu, Dünya kubokunun gümüş medal mükafatçısı Nofəl Babayev tərəfindən dənizdən səhəngə su doldurulması ilə nümayiş etdirildi. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edildi.

 

Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Sumqayıt İdman Olimpiya Kompleksində daha bir möhtəşəm layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirildi. Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olundu. Mərasim axşam saatlarında Bayraq Meydanında keçirilən Su festivalı tədbiri ilə davam etdi.  

 

Eyni zamanda, tədbirdə 5 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan Su səhəngini Sumqayıt sakinlərinə təhvil verməsi görüntüləri də əhaliyə təqdim olundu.

 

Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahət artıq başa çataraq 12 may tarixində Bakıda keçiriləcək Açılış Mərasiminin bir hissəsi olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən artıq məsafəni qət edən səyahət 15 bölgəni əhatə etdi.