FEDERASİYA PREZİDENTİNƏ DOPİNQ İTTİHAMI

ESTAFET/ Avropa Yüngül Atletika Assosiasiyasının (EAA) prezidenti Svern Arne Hansen idmançıların dopinq nümunələrini dəyişdirməkdə ittiham olunur. Apasport.az saytı xəbər verir ki, iddalara görə, o, bu işi 1980-ci ildə Bisslet oyunlarında təşkilat komitəsində işləyərkən edib.

Norveçli haqqında bu iddia ilə hündürlüyə tullanmaq üzrə üçqat Olimpiya mükafatçısı Patrik Şeyberq çıxış edib. İsveçli idmançı “Aftonbladet” nəşrinə açıqlamasında qeyd edib ki, Hansen 500-1000 dollar arası məbləğ qarşılığında bu cür saxtakarlığa yol verib.

Hansen isə öz növbəsində ittihamları qətiyyətlə inkar və iddiaların isbat olunmasını tələb edib. O, bildirib ki, bütün karyerası boyunca təmiz işləyib və ilk dəfədi ki, belə saxtakarlıqda günahlandırılır.

Maraqlıdı ki, Şeyberqin dediklərini 1984 və 1986-cı illərdə Bisslet oyunlarının qalibi olmuş İnqrid Kristiansen də təsdiq edib: “Mən bu deyilənləri təsdiq edə bilərəm. Hətta hələ də təəccüblənirəm ki, Hansen necə EAA prezidenti olub?”

Qeyd edək ki, 2015-ci ildən EAA-ya rəhbərlik edən Hansen buna qədər 12 il Norveç Yüngül Atletika Federasiyasının başçısı olub. 

 

Mənbə: APASport