DÇ-nin üçüncü günündə medallarımızın sayı 3-ə çatıb

ESTAFET/ Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının daha bir günü Azərbaycan komandası üçün uğurla başa çatıb.
Belə ki, dünya çempionatının finalında temp hərəkətlərində mübarizə aparan Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, eləcə də Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü medal qazanmağa müvəffəq olublar.
Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli temp hərəkətləri proqramında hakimlərdən 28.640 xal alaraq gümüş medala sahib çıxıblar.
Dünənki yarışlarda bürünc medal qazanan Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü bu gün eyni uğuru temp hərəkətləri üzrə proqramda təkrarlayıblar. Hakimlərdən 27.500 xal alan təmsilçilərimiz fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.
Beləliklə, dünya çempionatının üçüncü günündə təmsilçilərimizin qazandıqları medalların sayı 3-ə çatıb.
Qeyd edək ki, hər iki medal Azərbaycanın akrobatika gimnastikası tarixində dünya çempionatında qazanılan ilk nailiyyətdir.
Bu gün həmçinin qadın cütlükləri, qadın qrupları və kişi qrupları arasında da temp hərəkətləri üzrə proqramın icrasına görə qaliblər müəyyənləşib.
Sabah, yarışların sonuncu günündə Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz, eləcə də Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz balans hərəkətlərində çıxışlarını nümayiş etdirəcəklər.
