İdman qurğularının fəaliyyəti müvəqqəti dayandırılır

ESTAFET/ Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Mətbuat xidməti dünyada geniş vüsət alan koronavirus infeksiyasının (COVID-19) önlənməsi ilə bağlı atılacaq addımlarla bağlı məlumat yayıb. Məlumatı olduğu kimi təqdim edirik:

Hal hazırda hər bir dövlətin əsas məqsədi  bütün dünyanı narahat edən  koronavirus infeksiyasının insanlar arasında yayılmasının qarşısını almaq  və əhalisinin sağlamlığını qorumaqdır.

Ölkəmizdə əhalinin böyük hissəsinin tez-tez istifadə etdikləri məkanlardan biri də idman obyektləri və qurğularıdır. Müxtəlif əhali qrupları, o cümlədən, idmançıların  sağlamlığının prioritet olduğunu nəzərə alaraq, vaxtında qabaqlayıcı tədbirlər görülməsi məqsədi ilə  Gənclər və İdman Nazirliyinin tabeliyində olan  Olimpiya İdman Komplekslərinin və digər idman müəssisə və qurğularının fəaliyyəti müvəqqəti dayandırılır. Bununla yanaşı, Bakıda keçirilməsi nəzərdə tutulan cüdo idman növü üzrə Böyük Dəbilqə turniri,  karate idman növü üzrə böyüklər arasında Avropa Çempionatı və Formula 1 Azərbaycan Grand Prisisinin də təxirə salınması ilə bağlı müzakirələr aparılır.

Məlumat üçün bildiririk ki,  Respublika çempionatları və ölkə birinciliklərinin keçirilməsi də təxirə salınıb.

Müəllif: Natiq NƏSİROV