AİJA-nın maarifləndirici marafonuna yekun vurulub
ESTAFET/ UEFA-nın media tərəfdaşı olan Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü və ölkəmizdəki rəsmi təmsilçisi - Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) Bakının da ev sahiblərindən olduğu futbol üzrə Avropa çempionatı öncəsi idman jurnalistlərinin peşəkar inkişafına dəstək məqsədilə estafet.az və inSportPress-lə birgə may və iyun aylarında keçirdiyi maarifləndirici marafona yekun vurulub.
Bu münasibətlə AVRO 2020-nin açılış günü AİJA-nın Azərbaycan Nəşriyyatında yerləşən baş ofisində kurslar, təlimlər və ustad dərslərinin fəal iştirakçıları, təlimçilər, jurnalistikamızın və futboluzun tanınmış simalarının iştirakı ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan AİJA prezidenti, əməkdar jurnalist Eldar İsmayılov öncə erməni terrorunun nəticəsində şəhidlik zirvəsinə ucalmış KİV nümayəndələri Sirac Abışov və Məhərrəm İbrahimovun, eyni zamanda Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib. AVRO 2020-nin ölkəmiz üçün əhəmiyyətindən danışan və bu gün start götürəcək mötəbər turnir münasibətilə qonaqları təbrik edən AİJA prezidenti Ulu Öndər, Ümumilli Lider Heydər Əliyev və onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sayəsində artıq bütün dünyada ən inkişaf etmiş, etibarlı bir ölkə kimi qəbul edildiyimizi xüsusi vurğulayıb.
Daha sonra söz Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri, tanınmış jurnalist Natiq Məmmədliyə verilib. O bütün sahələrə olduğu kimi idman jurnalistikasına və idmana da dövlətimizin diqqətindən danışıb.
Təlimçilər Əfsanə Salehova və Ramin Sayadov kursların aktiv iştirakçılarını sertifikatlar və AVRO 2020-nin oyunlarına hədiyyə biletləri ilə sevindirib.
AİJA-nın layihələrini dəstəkləmiş tanınmış jurnalistlər - Qazet.az saytının baş redaktoru Aynur Kərimovaya və BDU Beynəlxalq Jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərovaya təşəkkürnamələr təqdim edilib.
AİJA-nın AVRO 2020 öncəsi keçirdiyi maarifləndirici marafonun baş sponsoru Etopaz-ın nümayəndəsi Vüsal Əliyev təmsil etdiyi şirkətin medianın inkişafı ilə bağlı layihələri uzun illərdir dəstəklədiyini, bu mənada AİJA-nın gördüyü işin də təqdirəlayiq olduğunu bildirib.
Tədbirin sonunda futbol üzrə Azərbaycan tarixində yeganə Olimpiya çempionu, "Sabah" Futbol Klubunun idman direktoru İqor Ponomaryov, yeniyetmələr arasında dünya çempionu Vladislav Qədirov, tanınmış veteran futbolçular Vaqif Cavadov və Nuqzar Kvirtiya "Vayt Siti", "Lider" və "Arsenal" məktəblərinin balaca futbolçularına hədiyyələr verib.