“Mançester Yunayted”ə görə “Qarabağ”la oyuna çıxmaya bilər

ESTAFET/ “Qarabağ”ın futbol üzrə UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel” aparıcı futbolçusu Bubakar Kamara ilə yollarını ayıra bilər.
Apasport.az saytının məlumatına görə, buna səbəb 22 yaşlı dayaq yarımmüdafiəçisinin “Mançester Yunayted”in maraq dairəsində olmasıdır.
Pol Poqba mövsümün sonuna qədər olan müqavilə müddətini yeniləməsə, “qırmızı şeytanlar” yanvarda onu sataraq gəlir əldə etməyə çalışacaq. Belə olarsa, Premyer Liqa təmsilçisi Fransa millisinin üzvünün boşluğunu həmyerlisi Kamara ilə doldurqacaq. İngilislər indidən “Marsel”lə danışıqlara başlayıb. Onlar gənc futbolçunu yanvarda 6 aylıq icarəyə götürmək və mövsümün sonunda birdəfəlik transfer etmək niyyətindədir.
“Mançester Yunayted”lə yanaşı, “Vulverhempton”, “Nyukasl”, “Barselona” və “Bavariya” da Kamaranın durumunu diqqətdə saxlayır. Cari mövsüm 18 oyunda 1 qol vuran Bubakar baş məşqçi Xorxe Sampaolonun sevimli oyunçusu sayılır.
Liqa1 təmsilçisində “Qarabağ”la duelə qədər daha bir əsas heyət üzvü Duje Kaleta-Karın da gedişi istisna olunmur. Fransızlar bir çox klubun gündəmində olan xorvatiyalı mərkəz müdafiəçisi üçün sərfəli təklif gələrsə, qışda onu satmağı düşünür.
Qeyd edək ki, “Qarabağ”la “Marsel” fevralın 17-də Marseldə, 24-də isə Bakıda üz-üzə gələcək.
