Avropa çempionatının son günü daha 3 medal

ESTAFET/ Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı sona çatıb.

Qitə birinciliyinin son günü də Azərbaycan milli üçün uğurlu alınıb.

Sərbəst güləşçilərimizdən Cəbrayıl Hacıyev (74 kq) finalda rumıniyalı Kriştian Büro ilə qarşılaşıb. Bu rəqibini çətinlik çəkmədən 8:1 hesabıyla məğlub edən Hacıyev ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının qalibi olub.

Abubakr Abakarov (86 kq) da qitənin ən güclüsü adını qazanıb. Milli üzvü həlledici görüşdə moldovalı Lilian Balana aman verməyib. Cəmi 38 saniyəyə finalın taleyini həll edən Abakarov Avropa çempionu olub.

Aydın Əhmədov (125 kq) bürünc medal uğrunda Yunanıstanı təmsil edən Azamat Xosonovla mübarizə aparıb. Bu görüşdən 7:3 hesablı qələbəylə ayrılan pəhləvanımız 3-cü yeri tutub.

Beləliklə, Avropa çempionatının son günündə sərbəst güləşçilərimiz 2 qızıl və 1 bürünc medal əldə edib. 

Qeyd edək ki, bir gün öncə milli üzvləri 2 qızıl və 2 bürünc medal qazanıb.

Müəllif: Natiq NƏSİROV