“Sivasspor” tarixində ilk dəfə Türkiyə kubokunu qazandı
ESTAFET/ Türkiyə kubokunda 2021/22 mövsümünün qalibi müəyyənləşib. İstanbul Atatürk Olimpiya Stadionunda final oyunu keçirilib.
Həlledici qarşılaşmada tarixində ilk dəfə finala yüksələn “Sivasspor”la ikinci dəfə həlledici görüşdə iştirak hüququ əldə edən “Kayserispor” üz-üz gəlib.
Son uğuru 2007/08 mövsümündə məhz Türkiyə kubokunu qazanmaq olan Kayseri klubu 14 il əvvəlki nailiyyətini təkrarlaya bilməyib. Matçın 90 dəqiqəsi 1:1 hesablı bərabərliklə nəticələndiyindən, əlavə 30 dəqiqəyə ehtiyac duyulub. Əlavə vaxt daha məhsuldar alınıb. Kayserililərin 1 qoluna 2 topla qarşılıq verən “Sivasspor” 3:2 hesablı qələbə qazanıb.
Bununla Sivas təmsilçisi 60-cı dəfə təşkil olunan Türkiyə kubokunu ilk dəfə muzeyinə aparıb.