Türkiyədə 38800 xal qazanıldı
ESTAFET/ Mayın 28-29-da Türkiyədə çimərlik güləşi üzrə Dünya Seriyasının ilk mərhələsi baş tutdu.
Kişilərin yarışında 4 çəki üzrə 10 ölkədən 40 idmançı mübarizə apardı. Onlardan 6-sı təmsilçimiz idi. Milli üzvlərindən yalnız 2-si qrup mərhələsində mübarizəni dayandırdı. Rübail İbrahimli (70 kq) və Camal Feyziyev (+90 kq) 5-ci yeri tutmaqla, hərəyə 5000 xal əldə etdilər.
Digər 4 güləşçimiz yarımfinala yüksəldi. Ağır çəkidə favorit sayılan Oyan Nəzəriani zədəyə görə medalçılar sırasına yüksələ bilmədi. 4-cü yer həm də millimizin baş məşqçisi olan pəhləvana 5800 xal qazandırdı. Çimərlik güləşi üzrə beynəlxalq yarışda debüt edən Ramiz Həsənov (70 kq), eləcə də Omid Kamaliagdam (80 kq) bürünc medalla Vətənə qayıtdı. Üçüncü yer təmsilçilərimizin hesabına 6500 xal yazdı. Turnirin çempionu İbrahim Yusubov (92 kq) isə ilk mərhələdən 10000 xal qazancla ayrıldı. Beləliklə, Türkiyədə keçirilən yarışda güləşçilərimiz ümumilikdə 38800 xal topladı.
Qeyd edək ki, Dünya Seriyası 5 mərhələdən ibarətdir. Bu mərhələlərin cəmində ən çox xal toplayan güləşçilər dünya çempionu ünvanına sahib çıxacaq. Növbəti mərhələlər İspaniya (18-19 iyun), Fransa (1-2 iyul), Yunanıstan (9-10 iyul) və Rumıniyada (3-4 sentyabr) keçiriləcək.