Millimiz son oyunda da məğlub oldu
ESTAFET/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2023-ün seçmə mərhələsində son oyununu keçirib.
A qrupunda mübarizə aparan Milan Obradoviçin yetirmələri səfərdə Norveçlə qarşılaşıb. 6 komandalı qrupda 5-ci yer tutduğu bu matçadək rəsmiləşən millimiz üçün qarşılaşma formal xarakter daşıyıb.
Qrup qalibi kimi birbaşa final mərhələsinə yüksəlmək üçün qalib gəlməli olan Norveç yığması millimizin müqavimətini yalnız ikinci hissənin əvvəlindəki qolla qıra bilib. Amma Obradoviçin komandası 11 dəqiqə məğlub durumda qalıb. İldar Ələkbərov bərabərlik qoluna imza atıb. Amma evdə xal itirməmək üçün böyük qüvvə ilə irəli atılan şimallılar Erik Botheymin qolu ilə qələbə qazanıb. Bu qələbə norveçliləri AVRO-2023-ə daşıyıb.
U-21-lər arasında AVRO-2023-ün seçmə mərhələsi
1-ci qrup
14 iyun 2022
20:00. Norveç – Azərbaycan 2:1
Baş hakim: Luka Bilbiya (Bosniya və Herseqovina)
Qollar: Yorgen Larsen 54, Erik Botheym 75 : İldar Ələkbərov 65
Drammen. Marienlist stadionu