"Bu, yeniyetmələr üçün böyük stimul oldu": Millinin böyük məşqçisi
ESTAFET/ Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında tarixi uğura imza atan sərbəst güləş üzrə milli komanda vətənə qayıdıb.
6 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında Avropa çempionu olan yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının rəsmiləri, güləş ictimaiyyətinin nümayəndələri qarşılayıb.
Yeniyetmələrdən ibarət millinin böyük məşqçisi Əsgərxan Novruzov rekord nəticəni belə şərh edib:
“Tarixi qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edirik. Bu uğurların səbəbkarı idmana diqqət və qayğı göstərən cənab prezidentimizdir. U-23 və böyüklərdən ibarət yığma komandanı qəbul etdi. Bu da yeniyetmələr üçün böyük stimul oldu. Var gücləriylə bu yarışa hazırlaşdılar və yarışdılar. Qarşımıza hədəf qoymuşduq ki, biz də Avropa çempionu olaq. Şükür Allaha ki, buna da nail olduq. Federasiya rəhbərliyinə və millinin məşqçilər korpusuna komandamız adından təşəkkür edirik. Bu uğurda hər kəsin payı var.
2013 və 2014-cü ildə keçirilən Avropa çempionatlarında 4 qızıl medal qazanmışdıq. Bu dəfə hədəfimiz 5 qızıl almaq idi. Allah 6 qızıl medalı bizə qismət elədi. Ölkə çempionatından sonra Xaçmazda 3 təlim-məşq toplanışı keçdik. Yüksək səviyyədə hazırlaşdıq. Uşaqlar var gücüylə güləşdi. Məşqçi kimi razı qaldıq. 4 qızıl medal aldığımız ilk gün Mübariz İbrahimovun şəhid olduğu gün idi. Həmin gün 3 erməni güləşçiyə qalib gəlmişdik. Bütün medallarımızı şəhidlərimizə həsr edirik. Onların ruhu şad olsun. Azərbaycan idmanı zirvələrdədir. Daim orda qalmasına çalışırıq.
Fürsətdən istifadə edib, Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə və şəxsən cənab nazir Fərid Qayıbova minnətdarlığımızı bildiririk ki, federasiya rəsmiləriylə birgə bizi Avropa çempionatına yola saldılar”.
Xatırladaq ki, AÇ-də Sadiq Hüseynov (45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), İlyas İsayev (65 kq) və Yusif Dursunov (110 kq) qızıl, Ağa Qasımov (60 kq) gümüş, Ağanəzər Novruzovla (71 kq) Şəmistan Axundov (80 kq) isə bürünc medal qazanıb.