"Növbəti hədəf dünya çempionluğudur": Çempionların təəssüratları
ESTAFET/ Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında tarixi uğura imza atan sərbəst güləş üzrə milli komanda vətənə qayıdıb.
6 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında Avropa çempionu olan yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının rəsmiləri, güləş ictimaiyyətinin nümayəndələri qarşılayıb.
Qarşılanma zamanı Avropa çempionları öz təəssüratlarını bölüşüblər. Elman Ağayev yarış haqda danışıb:
“Yarış yaxşı keçdi. Əvvəlcə Gürcüstan, daha sonra Türkiyə, finalda isə Ermənistan idmançısına qalib gəldim. Özümə inanırdım. Çünki yarışa hazırlığımız çox yaxşı keçmişdi. Növbəti hədəfim dünya çempionluğudur”.
Sonda U-17 yaş qrupunda ən ağır çəkidə Avropa çempionu olmaqla, güləşimizdə ilkə imza atan Yusif Dursunov uğurun səbəbini açıqlayıb:
“Üç keyfiyyətli təlim-məşq toplanışı keçdik. Bunun nəticəsi olaraq komandamız Avropa çempionu oldu. Güclü rəqiblərimiz vardı. Ancaq biz onlardan da güclüydük. Şükür Allaha, çempion olduq. Gənclər və İdman Nazirliyinə, federasiyamıza, yığmanın məşqçilərinə və şəxsi məşqçilərimə təşəkkür edirəm. Allah hamısından razı olsun”.
Xatırladaq ki, AÇ-də Sadiq Hüseynov (45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), İlyas İsayev (65 kq) və Yusif Dursunov (110 kq) qızıl, Ağa Qasımov (60 kq) gümüş, Ağanəzər Novruzovla (71 kq) Şəmistan Axundov (80 kq) isə bürünc medal qazanıb.