“Bütün hazırlığımız və perspektivlər Olimpiya Oyunlarına hesablanıb” :Aleksandr Tarakanov

Slovakiyada keçirilən Avropa çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb.

3 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında qitə çempionu olan yığmamız Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük coşğuyla qarşılanıb.

Aleksandr Tarakanov, baş məşqçi:

“İlk növbədə MOK, GİN və AGF-yə təşəkkürümü bildirirəm ki, bu yarışa yüksək səviyyədə hazırlaşmaq və turnirlərdə iştirakımız üçün nə lazım idisə edildi. Bütün gücünü ortaya qoyan məşqçi və güləşçi heyətimizə də minnətdarlığımı bildirirəm. Komandamız Avropa çempionatında yüksək səviyyə nümayiş etdirdi. Əhsən! Bunun davamını gətirmək lazımdır. Bütün hazırlığımız və perspektivlər Olimpiya Oyunlarına hesablanıb. Bizə dəstək hər kəsə “çox sağ ol” deyirəm. Güləş Azərbaycanın milli idman növüdür. Məşqçilər heyəti olaraq üzərimizdə böyük məsuliyyət var. Çalışacağıq ki, daim yüksək nəticələr verək. Bütün ölkə bizə azarkeşlik edirdi. Biz bu dəstəyi hiss edirdik. Bir daha hər kəsə təşəkkürümü bildirirəm”.

Eldəniz Əzizli, Avropa ikincisi:

“Komandamız yenidən Avropa çempionu oldu. Biz daha çox fərdi çempionluqlara öyrəşmişik. Şükürlər olsun, yenidən komanda hesabında çempion olmağı bacardıq. Bu, təkcə Azərbaycan güləşi üçün yox, ümumilikdə ölkə idmanı adına böyük uğurdur. Yarımfinalda Ermənistan güləşçisinə qalib gəldim. Ancaq xalçaya çıxanda rəqibimin milliyətinə önəm verməməyə və peşəkarlığımı qorumağa çalışıram. İstəmirəm ki, işimə psixoloji amillər qarışsın. Bəzən gənc idmançılarımız psixoloji təzyiqə görə performansını nümayiş etdirə bilmir. İdmanı siyasiləşdirmək lazım deyil. Vətən müharibəsində qazandığımız qələbə hər şeyə dəyər. Finalda taktiki səhvə görə uduzdum. Bu il dünya çempionatı və İslam Həmrəyliyi Oyunları var. Ümid edirəm ki, yenidən xalqımızı sevindirərik. Mayın 6-da Vladiqafqazda yeni hazırlıq prosesinə start verəcəyik. Komanda yoldaşlarımın bir çoxu gənc olsalar da, kifayət qədər uğur qazana biliblər. Həsrət Cəfərov 3-cü Avropa çempionluğuyla Rafiq Hüseynova çatdı. İnanıram ki, o, bu nəticəsini qat-qat yaxşılaşdıracaq”.

Həsrət Cəfərov, Avropa çempionu:

“Allaha şükürlər olsun, vətənə qızıl medalla qayıtdıq. Həm özüm, həm də komandamız çempion oldu. Bu, çox qürurverici hissdir. 3-cü dəfə Avropa çempionu oldum və bu göstəricidə Rafiq Hüseynova çatdım. Bundan sonra dünya çempionatına hazırlaşacağıq. Bir həftəlik istirahətdən sonra məşqləri bərpa edəcəyik. Daha sonra Vladiqafqaza təlim-məşq toplanışına yollanacağıq”.

Nihat Məmmədli, Avropa çempionu:

“Yarışa yaxşı hazırlaşmışdıq. Tam olaraq çempionluğa köklənmişdim. Titulumu qorumaq üçün əlimdən gələni edəcəkdim. İstədiyim nəticəni ala bildim. Final çətin keçdi. Amma yenidən Avropa çempionu oldum. Dünya çempionatına hələ 5 ay var. Bir qədər fasilədən sonra məşqləri bərpa edəcəyik. Ötən il dünya və Avropa çempionu olmuşam. Məqsədim eyni nəticəni təkrarlamaqdır. Artıq bu hədəflərdən birinə nail oldum. İkinci hədəfə də nail olmaq üçün əlimdən gələni edəcəyəm. Çempionluğumu bizə dəstək olanlara həsr edirəm. Sosial şəbəkələrdə hər kəsə cavab verə bilməsək də, bütün şərhləri oxuyuruq. İnsanlar bizim üçün gözəl sözlər yazır. Bu da xoş təəssürat yaradır”.

Xatırladaq ki, Avropa çempionatında Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvü Qənizadə (72 kq) ilə İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb.

Müəllif: Natiq NƏSİROV