Cüdoçular da komanda hesabında qitədə birinci oldular

ESTAFET/ 23-25 iyun tarixlərində Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının fərdi yarışları başa çatıb.

Azərbaycan cüdoçuları bu yarışda tarixi nəticə əldə edərək yeniyetmə oğlanlar arasında komanda hesabında birinci yeri tutub.

Çempionatın ilk günü oğlanlar arasında 50 kq çəkidə Məhəmməd Məmişov bürünc medal qazanıb. 

55 kq çəkidə Şahin Oruczadə və 60 kq çəkidə Nizami İmranov bütün rəqiblərini məğlub edərək Avropa çempionu adını qazanıblar.

Qızlar arasında 48 kq çəkidə Aydan Vəliyeva çempionatın ikincisi adına layiq görülüb.

Yarışın ikinci günü oğlanlar arasında 66 kq çəki dərəcəsində Əbil Yusubov və Nicat Nağıyev, 73 kq çəki dərəcəsində Əli Hacızadə bürünc medal qazanıblar.

Qızlar arasında isə 57 kq çəkidə Fidan Əlizadə bütün rəqiblərinə qalib gələrək idmançılarımızın aktivinə üçüncü qızıl medalı yazırıb.

Beləliklə idmançılarımız fərdi yarışlarda ümumilikdə 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar. 

Yeniyetmə oğlanlardan ibarət milli yığma komandamız 2 qızıl, 4 bürünc medal qazanaraq Avropa çempionatında medal əyarına və sayına görə birinci yeri tutublar.

Sonuncu dəfə yeniyetmə oğlanlardan ibarət milli yığma komandamız 2004-cü ildə keçirilən Avropa çempionatında komanda hesabında qələbə əldə etmişdi.

Qeyd edək ki, qızlardan ibarət milli yığma komandamız cəmi 4 idmançı ilə yarışlarda iştirak etməsinə baxmayaraq, 1 qızıl və 1 gümüş medal qazanaraq yarışda tam heyətlə iştirak edən bir çox ölkələri geridə qoyub və komanda hesabında 4-cü olub.

Ümumi komanda hesabında isə 3 qızıl, 1 gümüş və 4 bürünc medalla Azərbaycan yığması ikinci yeri tutub.

Müəllif: Natiq NƏSİROV