Çimərlik güləşi üzrə Avropa çempionatı keçiriləcək

ESTAFET| Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə Avropa çempionatı keçiriləcək.

Sabah U-17, növbəti gün isə U-20 yaş qrupunda qitə birinciliyinin medalçıları müəyyənləşəcək. Baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında U-17 yaş qrupunda Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq), U-20 yaş qrupunda isə Rübail İbrahimli, Hüseyn Əliyev (hər ikisi 70 kq), Fərid Yusifov (80 kq), Fərid Cabbarov (90 kq) və Zəfər Əliyev (+90 kq) ölkəmizi təmsil edəcək.

Proqrama əsasən, qrup mərhələsinin görüşləri Bakı vaxtı ilə 11:00-da başlayacaq. Pley-off və medallar uğrunda mübarizəyə isə 17:00-da start veriləcək.

Həftəsonu isə böyüklər arasında Dünya Seriyasının 4-cü mərhələsi baş tutacaq. İyulun 9-10-da keçiriləcək turnirdə həmişə olduğu kimi, Ramiz Həsənov (70 kq), Omid Kamaliaqdam (80 kq) və İbrahim Yusubov (90 kq) çıxış edəcək.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Bəşir İsazadə bu yarışlarda ədaləti qoruyacaq.

Müəllif: Natiq NƏSİROV