Milli komanda Qubada təlim-məşq toplanışında iştirak edib

Kişi şahmatçılardan ibarət Azərbaycan milli komandasının ölkəmizin səfalı guşələrindən sayılan Qubada təlim-məşq toplanışı başa çatıb.

10 günlük hazırlıqda millinin üzvləri - Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Nicat Abasov və Vasif Durarbəyli iştirak edib.

Hazırlığın son günündə milli komandanın üzvləri Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına açıqlama verib.

Milli komandanın üzvü, üçqat Avropa çempionu Qədir Hüseynov hazırlığın vacib olduğunu deyib: “Azərbaycanın dilbər şəhəri Qubada hazırlıq keçirik. Gündə 7 saat məşğul oluruq. İlin əsas şahmat yarışlarından biri Hindistanın Çennay şəhərində olacaq. Bu il olimpiadada rekord sayda 188 ölkə iştirak edəcək. Əsas məqsəd Ümumdünya Şahmat Olimpiadasından medalla qayıtmaqdır. Əlimizdən gələni edəcəyik ki, Vətənə medalla qayıdaq”.

Milli komandanın üzvü, beynəlxalq qrossmeyster Vasif Durarbəyli toplanışı yüksək qiymətləndirib: “Bildiyiniz kimi şahmatda hazırlıq iki hissədən ibarətdir: nəzəri və praktik. Biz çalışırıq burada nəzəri hissəni həll edək. Olimpiada üçün müxtəlif hazırlıqlar quruldu. Komandanın bir yerdə olmasında əsas məqsəd komanda ruhu yaratmaqdır. Yarışda ayrı-ayrı lövhələrdə oynasaq belə komanda olaraq müsbət enerjinin yaranması faydalıdır. Ümid edirik ki, Qubada keçirdiyimiz hazırlıq olimpiadada bizə kömək edəcək”.

Milli komandanın üzvü, beynəlxalq qrossmeyster Nicat Abasov hazırlıqdan razı qaldıqlarını bildirib: “Qubada təlim-məşq toplanışında olduqca intensiv məşqlər olub. Ümid edirik ki, bu il ilk dəfə olimpiadadan Vətənə medalla geri dönəcəyik”.

Qeyd edək ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisinin hazırlığı Bakıdakı toplanışla yekunlaşacaq.

Hindistanın Çennay şəhərində keçiriləcək 44-cü Ümumdünya Şahmat Olimpiadası iyulun 28-də start götürəcək.  Azərbaycan olimpiadada həm kişilər, həm də qadınların yarışında təmsil olunacaq.

Müəllif: Orxan NOVRUZOV