Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Gəncədə regional seminar keçirilib

Azərbaycan Şahmat Federasiyasının Məşqçilər Komissiyasının təşkilatçılığı ilə Gəncə şəhərində regional seminar keçirilib. Seminarda Gəncə, Şəmkir, Mingəçevir, Gədəbəy, Tovuzdan ümumilikdə 50 məşqçi-müəllim iştirak edib.

Seminar çərçivəsində ibtidai hazırlıq və təlim-məşq qrupları ilə tədris aparan məşqçilərlə müasir medotiki yanaşmalar, təcrübə mübadiləsi, tədrisdə müasir şahmat proqramlarının və elektron vəsaitlərin rolu barədə danışılıb.

Seminar Azərbaycan Şahmat Federasiyasının Məşqçilər Komissiyasının rəhbəri, əməkdar məşqçi Anar Allahverdiyev və komissiyanın üzvü, "Təhsil" Respublika İdman Mərkəzinin şahmat üzrə baş məşqçisi Raul Quliyev tərəfindən aparılıb.

Azərbaycan Şahmat Federasiyasının Məşqçilər Komissiyasının seminarları növbəti aylarda başqa regionlarda davam edəcək.

Müəllif: Natiq NƏSİROV