Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasında məşqçilərin təlimi davam edir

Azərbaycan Cüdo Federasiyası və BCF ilə qurulan qarşılıqlı əməkdaşlıq çərçivəsində 7 mart 2022-ci il tarixində BCF-in Akademiyasında Azərbaycanın cüdo məşqçiləri üçün təlimlər başlayıb. Təlim prosesi nəzəri və praktiki hissələrdən ibarətdir.

18-21 iyul tarixlərində BCF Akademiyasının ekspertləri Mesut Kapan və Kaya Gezeker iştirakı ilə məşqçilərin praktiki imtahana hazırlıq proqramının ikinci mərhələsi keçirilib. Qeyd edək ki, Mesut Kapan 6-cı dan qara kəmər sahibidir. 4-cü dan qara kəmər sahibi olan Kaya Gezeker isə BCF Akademiyasının Səfiri, Regional Kordinatoru və eyni zamanda BCF-in Hərbi və Polis Komissiyasının direktorudur.

Bildirmək istərdik ki, proqramın praktiki hissəsinin birinci mərhələsi ekspertlərin iştirakı ilə cari ilin 9 may tarixində baş tutub.

Ekspertlər təlim zamanı cüdo texnikası və fəndlərin təkmilləşdirilməsi məqsədi ilə öz tövsiyələrini və praktiki biliklərini bölüşüblər.

Hazırda Azərbaycanın bütün yaş qrupları üzrə milli yığmalarının məşqçiləri ilə yanaşı, ölkənin müxtəlif rayon və şəhərlərini təmsil edən müxtəlif klublar, cəmiyyətlər və idman təşkilatlarından 79 məşqçi BCF-in Akademiyasında təhsil almaqdadırlar. Təlimin yekun imtahanının 2023-cü ilin yanvar ayında keçirilməsi planlaşdırılır. Təlimi uğurla başa vuran məqşçilər BCF-in müvafiq beynəlxalq sertifikatı ilə təltif olunacaqlar.

Müəllif: Natiq NƏSİROV