Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalı iştirakçıları Banska Bıstritsaya yola düşdü

ESTAFET/ Azərbaycan Slovakiyanın Banska Bıstritsa bölgəsində keçiriləcək Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalına 33 idmançı ilə qatılıb. Heyətdə cüdoçular sayca üstünlük təşkil edir.

Azərbaycan bu idman növü üzrə 12 nəfərlə təmsil olunub. Bundan başqa gimnastika 5, velosiped və atletikada hər birində 6, tennis və üzgüçülükdə hər idman növündə 1, badmintonda isə 2 idmançı mübarizəyə qoşulacaq. Ümumulikdə festivalda 50 iştirakçı ölkə, 10 idman növü üzrə 4000-ə yaxın 13-18 yaş həddində olan yeniyetmə idmançılarla iştirak edəcək. Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının rəsmi açılışı 24 iyul, bağlanış mərasimi isə 30 iyul tarixlərinə təsadüf edir. Festival günlərində idman obyektlərində 1500 yaxın könüllü fəaliyyət göstərəck.

İyulun 23-ü Heydər Əliyev adına Beynəlxalq Hava limanında Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalına yola düşən idmançıları, məşqçilər, beynəlxalq dərəcəli hakimlər, həkim və MOK rəsmiləri müşayiət edir.  Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) himayəsi altında keçirilir və 25 ildən artıq ənənəsi var. Bu festival 13-18 yaş arası gənc idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir.

Olimpiya bayrağı altında keçirilən festival Olimpiya ənənələri ilə zəngindir. “Parlamağa hazırıq” devizi altında keçirilən festivalın www.eyof2022.com ünvanlı rəsmi saytı da fəliyyət göstərəcək.

Müəllif: Natiq NƏSİROV