Gəncə şəhərində cüdo üzrə ustad dərsi keçirilib

27 iyul 2022-ci ildə Gəncə şəhərində Azərbaycanda cüdonun 50 illiyi ilə bağlı tədbirlər çərçivəsində cüdo üzrə ustad dərsi keçirilib. Azərbaycan Cüdo Federasiyasının (ACF), Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkil etdiyi tədbirdə geniş ictimaiyyətə cüdonun fəlsəfəsi, onun uşaqların və gənclərin mənəvi və fiziki tərbiyəsində oynadığı rol barədə məlumat verilib.

Tədbirin açılışında ACF-in baş katibi Rəşad Rəsullu bildirib ki, Azərbaycanda cüdonun kütləvləşdirilməsi ilə gənc nəslin fiziki və mənəvi sağlamlığına töhfə vermək ACF-in əsas məqsədlərindən biridir. Gəncə sakinlərini cüdo ilə məşğul olmağa səsləyən baş katib, qeyd edib ki, bu idman növü təkcə döyüş sənəti deyil, həm də dərin fəlsəfəyə malik bir sənətdir və uşaqların mənəvi və fiziki inkişafında müsbət rol oynayır. R.Rəsullu Gəncə şəhərində ACF tərəfindən cüdo idman növü üzrə maddi-texniki bazanın inkişaf etdirilməsi ilə bağlı planlaşdırılan işlər barədə də məlumat verib.

Daha sonra ustad dərsi çərçivəsində, ACF Prezidentinin müşaviri, dünya mükafatçısı Natiq Bağırov və yeniyetmələrdən ibarət milli yığmanın məşqçisi, gənclər arasında dünya çempionu Nicat Şıxəlizadə müxtəlif cüdo fəndlərinin yerinə yetirilməsini yeniyetmə və gənc cüdoçulara, həmçinin Gəncə sakinlərinə nümayiş etdiriblər. Onlar cüdonun fəlsəfəsi, mahiyyəti, kəmər bağlamaq qaydaları haqqında ustad dərsi iştirakçılarına məlumat veriblər. Maraq göstərən Gəncə sakinləri, uşaqlar və yeniyetmələr tatamiyə dəvət ediliblər və onlar müxtəlif fəndləri yerinə yetirməyə çalışıblar.

Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo idman növü üzrə müxtəlif suallar verilib və nəticədə qalib gələn şəxslərə hədiyyələr təqdim olunub.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ACF-in vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli, kişilərdən ibarət milli yığmanın böyük məşqçisi, olimpiya oyunlarının mükafatçısı Mövlud Mirəliyev, Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov da iştirak ediblər.

Azərbaycan Cüdo Federasiyası ölkəmizdə cüdonun 50 illiyi ilə bağlı tədbirlər çərçivəsində ölkəmizin digər şəhər və regionlarında da analoji tədbirlərin təşkil edilməsini planlaşdırır.

Müəllif: Natiq NƏSİROV