İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir - VİDEO

Bu gün qızlardan ibarət millimizin 2 üzvü fəxri kürsüyə qalxıb.

Elvina Kərimzadə (43 kq) ilk mərhələdə amerikalı Erika Pastorizaya məğlub olub. Ancaq rəqib finaladək irəlilədiyi üçün Kərimzadə təsəlliverici görüşdə iştirak hüququ əldə edib. Elvina polşalı Dominika Konkelə 4:1 hesabıyla qalib gəlib. Güləşçimiz qazaxıstanlı Arina Abdullinanı isə "tuşe" ilə məğlub edərək bürünc medal qazanıb.

Ruzanna Məmmədova (49 kq) əvvəlcə rumıniyalı Ana Mariya Rotaruya “tuşe” ilə qalib gəlib. Avropa çempionumuz 1/8 finalda bolqar Viktoriya Boynovadan güclü olub – 7:1. Məmmədova növbəti mərhələdə türkiyəli Şevval Çayırı minimal fərqlə (3:2) üstələyib. Ruzanna yarımfinalda qazaxıstanlı Aymgül Abilovaya heç bir şans tanımayıb – 10:0. Beləliklə, həmyerlimiz ardıcıl ikinci dəfə U-17 dünya çempionatının finalına yüksəlib. Məmmədova həlledici görüşdə yaponiyalı Mihoko Takeuçiylə üz-üzə gəlib. Finaladək bütün rəqiblərinə tam üstünlüklə qalib gələn Takeuçi həlledici görüşün ilk hissəsini 3:0 öndə başa vurub. Ancaq 2-ci hissədə əzmkarlıq nümayiş etdirən Ruzanna 5:3 hesablı qələbəylə dünya çempionu olub!

Müəllif: Natiq NƏSİROV