Şahmat Olimpiadası: Azərbaycan yığmaları Argentina və Yunanıstana qarşı

Kişi və qadınlardan ibarət Azərbaycan yığmaları Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər.

Kişilərdən ibarət yığma III turda Argentina seçməsi ilə qarşılaşacaq. Qadınlar isə Yunanıstanla münasibətləri aydınlaşdıracaq.

Turun bütün görüşləri Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.

Ümumdünya Şahmat Olimpiadası

Kişilər

III tur

Azərbaycan - Argentina 

Şəhriyar Məmmədyarov - Fernando Peralta

Rauf Məmmədov - Federiko Peres

Qədir Hüseynov - Leandro Kris

Nicat Abasov - Dieqo Flores

Məmmədyarovla Hüseynov ağ, Məmmədov və Abasov qara fiqurlarla oynayacaq.

Qadınlar

III tur

Azərbaycan - Yunanıstan

Günay Məmmədzadə - Stavrula Tsulakidu

Xanım Balacayeva - Anastasiya Avromidu

Gövhər Beydullayeva - Yekaterina Pavlidu

Gülnar Məmmədova - Haritomeni Markontonaki

Məmmədzadə və Beydullayeva ağ, Balacayeva ilə Məmmədova qara fiqurlarla mübarizə aparacaq.

İlk iki turda kişilər Əlcəzair (4:0) və Filippini (3:1) yenib. Qadınlar isə Birləşmiş Ərəb Əmirlikləri və Finlandiyanı "quru hesab"la üstələyib.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Yarış avqustun 10-da başa çatacaq.

Fanat.Az

Müəllif: Natiq NƏSİROV