Dünya üçüncüsü olan millimiz vətənə qayıdıb - VİDEO

İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında uğurlu çıxış edən sərbəst güləş üzrə millimiz vətənə qayıdıb.

Komanda hesabında dünya 3-cüsü olan yığmamızı Gənclər və İdman Nazirliyinin və Güləş Federasiyasının rəsmiləri, məşqçilər, güləşçilər və idmançıların ailə üzvləri qarşılayıb.

Namiq Abdullayev, AGF-nin İcraiyyə Komitəsinin üzvü:

“MOK, GİN və AGF tərəfindən güləşçilərimiz üçün bütün şərait yaradılmışdı. Təlim-məşq toplanışları, qidalanma və vitaminlə təminat yüksək səviyyədə idi. Avropa çempionatında olduğu kimi, dünya çempionatında da güləşçilərimiz sözlərini dedilər. Yunan-Roma güləşində komanda hesabında 2-ci, sərbəst güləşdə isə 3-cü yeri tutduq. Federasiya tərəfindən bütün yaş qrupları üzrə milli komandalara hər cür şərait yaradılıb. Güləşçilərimiz də yaradılan bu şərait qarşılığında bizi sevindirirlər. İnanıram ki, gələcəkdə də belə olacaq. Hamınızı təbrik edirəm”.

Əsgərxan Novruzov, böyük məşqçi:

“Bütün güləş həvəskarlarını və Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirəm. Təxminən 40 gün əvvəl Avropa çempionatından möhtəşəm qələbəylə qayıtmışdıq. 6 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında çempion olmuşduq. Təbii ki, Avropa və dünya çempionatları fərqli yarışlardır. Komandamızın hazırlığı o qədər yaxşı idi ki, dünya çempionatından da daha yaxşı nəticə gözləyirdik. O cümlədən komanda hesabında çempion olacağımıza inanırdıq. Yəqin ki, görüşlərimizi izləmisiniz. Bir çox xallarımız son anlarda əldən getdi. Dünya çempionatı çox ağır keçdi. Daim ön sıralarda olan İranı qabaqlayıb 3-cü yeri tutduq. Məşqçilər və güləşçilər sağ olsunlar. Özlərini doğrultdular. Dünya çempionatında 2 qızıl medal Azərbaycan üçün çox yaxşı nəticədir. Avropada bizdən başqa qızıl medal qazanan ölkə olmadı. Bizim əsas işimiz böyüklərdən ibarət komanda üçün güləşçilər yetişdirməkdir. Bu gün heyətdə yer alan 6 idmançımız gələn ildən gənclərdə yer alacaq. Məqsədimiz bütün yaş qrupları üzrə birgə fəaliyyət göstərib, Azərbaycan güləşini zirvəyə yüksəltməkdir”.

İlyas İsayev, dünya çempionu:

“Çox güclü rəqiblərlə qarşılaşdım. Şükürlər olsun ki, dünya çempionu oldum. Məşqçilərimizə, Gənclər və İdman Nazirliyinə, federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Ən çətin görüşüm final qarşılaşması oldu. Son saniyələrdə aldığım xalla dünya çempionu oldum”.

Vasif Bağırov, dünya çempionu:

“Yarışa yaxşı hazırlaşmışdıq. Dünya çempionatında rəqiblərimiz güclü idi. Əvvəlcə Qazaxıstan idmançısına tam üstünlüklə qalib gələrək yarımfinala yüksəldim. Yarımfinalda Hindistan güləşçisini 7:4 hesabıyla məğlub edərək finala çıxdım. Həlledici görüşdə isə ABŞ güləşçisinə 5:3 qalib gələrək dünya çempionu oldum. Şükürlər olsun ki, ölkəmizə qızıl medal gətirdim”.

Xatırladaq ki, mundialda Vasif Bağırov (48 kq) və İlyas İsayev (65 kq) qızıl, Bəşir Verdiyev (45 kq) gümüş, Elman Ağayevlə (51 kq) Ağanəzər Novruzov (71 kq) isə bürünc medal qazanıb.

Müəllif: Natiq NƏSİROV