"Şahin" Gənclərin Hərbi-vətənpərvərlik düşərgəsi uğurla yekunlaşıb
Astara və Yardımlı Olimpiya İdman Komplekslərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan "Şahin" Gənclərin Hərbi-vətənpərvərlik düşərgəsi uğurla yekunlaşıb. Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbi qulluqçuları, Qarabağ qaziləri tərəfindən təlimlərə "Şahinlər", "Canavarlar", "Cəsurlar", "İgidlər", "Mübarizlər", "Aslanlar", "Qartallar", "Zəfər" komandalarına bölünərək cəlb olunan gənclərə hərbi təlimlərlə yanaşı hərbi-idman oyunları, intellektual yarışlar, Vətən müharibəsi qaziləri ilə panel görüşlər, film nümayişləri, əyləncəli musiqi proqramları, Şəhidlər Xiyabanına ziyarət və iməclik də təşkil olunub.
Düşərgənin yekununda komandir heyəti tərəfindən qarşıya qoyulmuş tapşırıqları yüksək dəqiqlik, peşəkarlık və nizam-intizamla yerinə yetirmiş Astara rayonunda "Şahinlər", Yardımlı rayonunda isə "Zəfər" komandaları qalib elan olunaraq kuboklar təqdim edilib. "Zəfər" komandasını zəfərə aparan kapitan Vətən müharibəsində Azərbaycan ordusunu qalibiyyətə aparan qəhrəmanlardan olan Vətən müharibəsi qazisi İlqar İbrahimov olub. Fərdi nəticələrdə fərqlənmiş komandaların üzvlərinə isə hədiyyələr təqdim olunub.