"İB Club"un üzvləri Respublika Velotreki ilə tanış olublar

Sentyabrın 5-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyası (AVF) tərəfindən “İB Club” Gənclərin İnkişaf Mərkəzinin üzvləri üçün Respublika Velotrekinə infotur təşkil olunub. İnfoturda klubun 10 nəfərə yaxın gənc üzvü iştirak edib.

Respublika Velotrekinin direktoru Tamerlan Salahov və AVF-nin üzvü Səhər Mehman onlara velosiped idman növü, təhlükəsizlik qaydaları, həmçinin Azərbaycan Velosiped Federasiyasının fəaliyyəti haqda məlumatlar veriblər.

Daha sonra gənclər yarış treki, BMX meydançası, velosiped boksları, fitnes zalı və velosipedə aid muzeydə olublar.

İnfotur iştirakçıları peşəkar idmançıların məşqlərini izləyib, mütəxəssislərin nəzarətində velosiped sürüblər. Klubun üzvlərindən bir nəfər həvəskar velosipedçiyə Azərbaycan Velosiped Federasiyası tərəfindən dəbilqə hədiyyə olunub.

Gəncləri maraqlandıran çoxsaylı suallar cavablandırıldıqdan sonra xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, müxtəlif gənclər təşkilatlarının üzvləri üçün Respublika Velotrekinə davamlı olaraq infoturlar təşkil olunur.

Müəllif: Bəhruz MƏMMƏDOV