Bakıda Batut Gimnastikası üzrə Təlim-Məşq Toplanışı: “Bu, Milli Komandamız üçün böyük fürsətdir” - Hafiz Rzayev

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə keçirilən Avropa Gimnastikasının təlim-məşq toplanışı davam edir. Tədbirdə Azərbaycan da daxil olmaqla beş ölkənin nümayəndələri iştirak edir. Toplanışa 100-ə yaxın gimnast və beynəlxalq ekspert cəlb olunub.

Azərbaycanın ikili-mini batut üzrə milli komandanın baş məşqçisi Hafiz Rzayev bu təşəbbüsün ölkə idmanı üçün əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, bu cür beynəlxalq səviyyəli tədbirlər həm yerli gimnastlar, həm də məşqçilər üçün mühüm təcrübə mübadiləsi imkanı yaradır:

“Mən artıq ikinci dəfədir bu təlim-məşq toplanışında iştirak edirəm. Azərbaycanda bu formatda ilk dəfə keçirilən tədbirdir və həqiqətən çox maraqlıdır. Burada iştirak edən Avropa Gimnastikasının ekspertləri öz bilik və təcrübələrini bizimlə bölüşürlər. Onların təəssüratları, metodik yanaşmaları bizim üçün son dərəcə faydalıdır. Bu, həm idmançılarımız, həm də yerli məşqçilərimiz üçün böyük şansdır.”

Baş məşqçi qarşıda duran hədəflərdən də bəhs edib. Onun sözlərinə görə, noyabr ayında keçiriləcək Batut Gimnastikası və Tamblinq üzrə Dünya Çempionatına hazırlıqlar davam etdirilir:

“Milli komanda hazırda Dünya Çempionatına hazırlaşır. Bu təlim-məşq toplanışının məhz bu dönəmdə Azərbaycanda keçirilməsi bizim üçün olduqca yerinə düşdü. Bu, yalnız hazırkı komanda üzvlərinə deyil, həm də gələcəyin perspektivli gimnastlarına motivasiya və təcrübə qazandırır. Ümid edirəm ki, komandamız Dünya Çempionatında Azərbaycanı uğurla təmsil edəcək.”

Müəllif: Bəhruz MƏMMƏDOV