"BAKIDA YARIŞMAĞI SƏBİRSİZLİKLƏ GÖZLƏYİRƏM" - RİKKARDO
ESTAFET/ Formula 1 komandası Red Bullun avstraliyalı pilotu Daniel Rikkardo səbirsizliklə yenidən Bakıda yarışmaq istədiyini bildirib: - “Bu il mən şəhəri daha çox gəzib-görmək istəyirəm. Qaldığım otel çox rahatdır, trekin tam yanında yerləşir. Lakin bu o deməkdir ki, sən trekə getmək üçün çox yol qət etmirsən və buna görə də ətrafda nələrin olduğundan xəbərsiz olursan. Otelin ən yuxarı mərtəbəsindən ətrafa çox gözəl mənzərə açılır. Otelin idman zalından bütün şəhəri və treki aydın şəkildə müşahidə edə bilmək olduqca maraqlıdır.
Bakı trekində sürmək çox əyləncəlidir və mən səbrsizliklə burada yenidən yarışmaq istəyirəm. Şəhər treklərində yarışmağı sevdiyimə görə istənilən şəhər treki bu baxımdan mənim üçün həyəcanvericidir. Əslində bu tip treklər bizim bolidlərimiz üçün tam uyğun deyil, lakin bununla belə bu treklərdə yarışmağın bizim üçün üstünlük yaradan yönləri də mövcuddur. Bakı treki göründüyü kimi çox ensiz hissələrə malikdir və digər treklərlə müqayisədə bu trekdə daha çox sayda döngələr var. Qala divarlarının yanından keçən bəzi hissələr yarışı daha da çətinləşdirir və həmin ensiz hissəyə digər treklərdə rast gəlmirsən. Sürətlənmə düzlüyü çox uzundur və düşünmək üçün sənə imkan verir. Texniki cəhətdən bu düzlük döngələr qədər vacibdir, çünki həqiqətən də sənin yarış zamanı diqqəti cəmləməyə çox ehtiyacın olur”.