Dünya yığmasının heyəti açıqlanıb

Noyabrın 5-6-da Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokuna qatılacaq dünya yığmasının heyəti açıqlanıb.

İlk dəfə bu yarışda tətbiq olunan formatda yer alan dünya yığmasının tərkibində Nuqzari Tsurtsumia (55 kq, Gürcüstan), Aydos Sultangali (60 kq, Qazaxıstan), Leri Abuladze (63 kq, Gürcüstan), Coni Xetsuriani (67 kq, Gürcüstan), Andrey Kulik (72 kq, Ukrayna), Zoltan Levay (77 kq, Macarıstan), Jalqasbay Berdimuratov (82 kq, Özbəkistan), Turpal Bisultanov (87 kq, Danimarka), Kiril Milenov Milov (97 kq, Bolqarıstan) və Mantas Knistautas (Litva, 130 kq) çıxış edəcək.

Bu idmançılardan Tsurtsumia daha öncə (2019) dünya çempionu, Abuladze, Levay, Berdimuratov, Bisultanov və Milov son dünya çempionatının gümüş, Sultangali, Kulik, Knistautas bürünc medalçısı olub. Xetsuriani isə 5-ci yeri tutub.

Qeyd edək ki, dünya yığması B qrupunda Azərbaycan və Serbiya milliləriylə mübarizə aparacaq.

Müəllif: Natiq NƏSİROV