Bakıda ilk dəfə "Red Bull Car Park Drift" çempionatı baş tutacaq

Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilati dəstəyi ilə Bakıda ilk dəfə dünyanın ən həyəcanverici drift seriyası olan “Red Bull Car Park Drift” çempionatı keçiriləcək. 16 oktyabr tarixində, Dənizkənarı Milli Parkda, Bakı Kristal Zalının parklanma ərazisində baş tutacaq tədbirdə Azərbaycanın ən güclü drifterləri bir araya gələcək.

Özünəməxsus sərt qaydalarla zəngin olan “Red Bull Car Park Drift” yarışında ən yaxşı drift nümayiş etdirən 16 nəfər iştirakçı Milli Final mərhələsinə kimi yüksələcək. Çoxmərtəbəli avtodayanacaqların dar küncləri, beton dirəkləri və dayaqları boyunca hərəkət edən drifterlərdən ilhamlanaraq yaradılmış bu seriya, maneələrlə dolu yerlərdə sürətlə hərəkət etmək, driftinq məharətlərini sərgiləmək və “pendulum”, “spiral”, “gate”, “flipper” kimi tapşırıqlardan ibarətdir. İştirakçılar yarış boyu münsifləri heyrətləndirərək mümkün 400 xal üstündən ən yüksək nəticəni əldə etməyə çalışacaqlar. Drifterlər, driftinq bacarıqları ilə yanaşı maşınlarının görünüşü, səsi və digər göstəricilərinə  əsasən də mükafatlandırılacaq.

Beynəlxalq tərkibdən ibarət münsiflər heyətinin qiymətləndirməsindən sonra ölkəmizin qalib gələcək ən yaxşı drifteri Səudiyyə Ərəbistanında keçiriləcək, 25 ölkənin qatılacağı “Red Bull Car Park Drift”in dünya finalında ölkəmizi təmsil edəcək.

Nəzərinizə çatdıraq ki, bu ilin avqust ayında “Red Bull Car Park Drift” yarışının hazırki iştirakçıları dünyaşöhrətli livanlı driftçi Abdo Feqalidən ustad dərsləri almışlar. 2012-ci ildə Əbu-Dabidə ən uzun drift edən A.Feqalinin adı “Ginnesin Rekordlar Kitabı”na salınıb. O, həmçinin, 2008-ci ildə Livanda keçirilən ilk “Red Bull Car Park Drift” yarışının da qalibidir.

Qeyd edək ki, tamaşaçıların əyləncəli vaxt keçirməsi üçün “Fan Zone” ərazisində müxtəlif aktivliklər nəzərdə tutulub.

Tədbirə giriş sərbəstdir. Xatırladaq ki, bütün sürətsevərlər 16 oktyabr saat 12:00-da Bakı Kristal Zalının parklama ərazisinə, dünyanın ən həyəcanverici yarışlardan birini izləməyə dəvətlidir. 

Yarış AmsOil maşın yağlarının dəstəyi ilə keçirilir.

Müəllif: Bəhruz MƏMMƏDOV