Bakıda yeni sistemdən istifadə olunacaq
ESTAFET/ Bakıda keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turniri ərəfəsində idman fotoqrafları üçün beynəlxalq təlim təşkil edilib. Təlim Heydər Əliyev adına idman sarayında BCF-in fotoqrafları Qabriela Sabau və Tamuna Kulumbeqaşvili tərəfindən keçirilib.
Təlimin nəzəri hissəsində Qabriela Sabau idman fotoqrafiyası sənətinin xüsusiyyətləri haqqında məlumat verib. O bildirib ki, yarış zamanı çox saylı şəkillər çəkmək və əsas anı ölümsüzləşdirmək üçün hər zaman hazır olmaq lazımdır:
“Turnir zamanı təkcə ilk görüşlərdən 2 000 şəkil çəkilir, onların içindən 50-si seçilir, reportaj və sayt üçün hazırlanır”.
Qabrielanın sözlərinə görə, əsas proses tataminin üzərində baş versə də, tataminin ətrafında məşqçilərin və azarkeşlərin göstərdiyi emosiyaların kadrlarda əks olunması bu işin ən əsas özəliklərindən biridir:
"Yarışlardan sonra çalışırıq daha çox məşqçilərin yanında olaq. Çünki yarışlardan sonra məşqçilər və idmançılar arasında olan emosiyalar çox möhtəşəm olur. Bu kadrlar hər zaman çox sevilir və yadda qalır".
Həmçinin təlimdə məlumat verildi ki, Bakı "Böyük Dəbilqə" turniri zamanı operativ fotoreportajların hazırlanması üçün yeni sistemdən istifadə olunacaq.
Təlimin praktiki hissəsində idmançılar fəndlər nümayiş etdirib və idman fotoqrafları Qabriella Sabaunun, eləcə də Tamuna Kulumbeqaşvili müşahidəsi altında peşəkar şəkillər çəkiblər.
Təlimin əsas məqsədi cüdonun daha peşəkar işıqlandırılmasına nail olmaq və bu sahədə olan yeniliklər ilə idman fotoqraflarını və jurnalistləri tanış etməkdir.
Sonda iştirakçılara sertifikat təqdim olunub.