Hidayət və Səid finalda - Baku Grand Slam 2022

ESTAFET/ Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib. 

73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov və 81 kq-da yarışan Səid Mollayi adlarını həlledici mərhələyə yazdırıblar. Heydərov finalın bir addımlığında ispaniyalı Salvador Rokanı, Mollayi isə macarıstanlı Attila Unqvarini yenib.

Hidayət finalda kanadalı Artur Margelidonla, Səid belçikalı Mattias Kasse ilə qarşılaşacaq.

73 kq çəkidəki digər idmançılardan Vüsal Qələndərzadə və Rüstəm Orucov 1/8 finalda, Telman Vəliyev 1/16 finalda məğlub olub.

81 kq-da Elcan Hacıyev və Ömər Rəcəbli 1/16 finalda, Zelim Tçkayev isə 1/8 finalda yenilib.

Qadınların yarışında 63 kq-da Aytac Qardaşxanlı təsəlliverici görüşdə sloveniyalı Andrea Leskiyə uduzub. Eyni çəkidəki Nərgiz Hacıyeva ilk qarşılaşmasından məğlub ayrılıb.

70 kq-da Südabə Ağayeva və Günel Həsənli də məğlub olduqları üçün medal şanslarını itiriblər.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal qazanıb. Turnir noyabrın 6-da başa çatacaq.

Müəllif: Natiq NƏSİROV