V1 Challenge Bakı kuboku keçirilib

Dövlət Bayrağı Meydanında avtomobil yarışlarından biri - V1 Challenge seriyalarından olan turnir və drift şou keçirilib.

İlk dəfə keçirilən V1 Challenge Bakı Kuboku Azərbaycan Avtomobil Federasiyanın və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə baş tutub.

“Volkicar”larda yerli pilotlar manevrlərlə birincilik uğrunda mübarizə aparıb. 12 pilot yarış trekində məharətlərini sərgiləyiblər.

“Volkicar” yarış maşınlarının mühərriki 115 at gücündədir və 5 saniyədə 100 km/saat sürətinə çata bilir. Yarış avtoidman həvəskarlarına adrenalin dolu anlar yaşatmaqla yanaşı, həm də yerli avtoidmanın inkişafına yönəlib.

Qalibləri yerli və xarici mütəxəssislərdən ibarət münsiflər heyəti müəyyən edib. Münsiflərdə tanınmış drifterlər Nil Qan (Niall Gunn) və Riçard Martin (Richard Martin) də təmsil olunub.

V1 Challenge Bakı kubokunda ən sürətli nəticə göstərən 6 pilot finala vəsiqə qazanıb. Finalda ilk 3 yer üzrə qaliblərə kubok təqdim olunub. Drift şou pilotlarına isə sertifikatlar verilib.

Qeyd edək ki, bunadək Azərbaycanda V1 Challenge seriyasından bir neçə yarış təşkil olunsa da, V1 Challenge Bakı Kuboku ilk dəfə keçirilib.

Müəllif: Natiq NƏSİROV