Azərbaycanda qızlar üçün cüdo klubu fəaliyyət göstərir

Azərbaycan Cüdo Federasiyası tərəfindən ilk dəfə pilot layihə olaraq ancaq qız idmançıların cüdo idman növü ilə məşğul olduğu klubun yaradılmasına dəstək verilib. Əhmədli qəsəbəsində fəaliyyət göstərən klubda hazırda 40 nəfər yeniyetmə qız ödənişsiz olaraq cüdo idman növü ilə məşğul olurlar. Dərslər dünya və Avropa mükafatçısı Kifayət Qasımova və paracüdo üzrə dünya və paraolimpiya çempionu Afaq Sultanova tərəfindən keçirilir.

Kifayət Qasımovanın sözlərinə görə, klubda qızların yüksək səviyyədə cüdo ilə məşğul olması üçün bütün şərait yaradılıb: “Artıq qısa zamanda biz cüdo ilə məşğul olan qızların sayını artırmışıq. Klubun sırf qızlar üçün olması böyük bir üstünlük kəsb edir. Valideynlər bu təşəbbüsü çox yaxşı qarşılayırlar, həmçinin qızlar özünü məşq zamanı rahat hiss edirlər. Azərbaycan Cüdo Federasiyasına yaradılan imkana görə təşəkkür edirik. İnanırıq ki, yaxın gələcəkdə regionlarda da bu cür cüdo klublar və məktəblər fəaliyyətə başlayacaqdır”. 

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biri ölkədə qızlar arasında cüdo idman növünün kütləvləşdirilməsi və beynəlxalq turnirlərdə qadın cüdoçularımızın təmsilçiliyini artırmaqdır.

Müəllif: Natiq NƏSİROV