QADIN VELOSİPEDÇİMİZİN ÇEXİYA UĞURU
Azərbaycanın şosse velosipedi üzrə yığma komandası və Sloveniyanın "BTC City Ljubljana" klubunun üzvü Yelena Pavluxina Çexiyada keçirilən "Gracia Orlova" turunda uğurla çıxış edir.
ESTAFET.AZ Azərbaycan Velosiped İdmanı Federasiyasına istinadən xəbər verir ki, yarışın 100 km-dən ibarət 2-ci günündə 2 saat, 50 dəqiqə, 35 saniyə nəticə göstərən velosipedçimiz, "solo-finiş"lə mərhələ qalibi olub və ən yaxın izləyicisini 2 dəqiqə 11 saniyə qabaqlayıb.
Bu nəticə Yelena Pavluxinaya 2 mərhələdən sonra ümumi təsnifatda lider köynəyini ələ keçirməyə imkan verib. Hazırda o, ən yaxın izləyicisi, Almaniyanın "Canyon SRAM Racing" klubunun belaruslu üzvü, Bakı-2015 ilk Avropa Oyunlarının qalibi Alyona Amalisyuku 2 dəqiqə, 9 saniyə qabaqlayır.