"SYNERGY BAKU" İTALİYADA UĞURLA ÇIXIŞ EDİR

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" İtaliyada təşkil edilən sayca 31-ci "Coppi e Bartali" yarışında uğurla çıxış edir. Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışı 4 mərhələdən ibarətdir və 25 iştirakçı kollektiv arasında Böyük Britaniyanın "Team Sky" Dünya Turu, Rusiyanın "Gazprom RusVelo", İtaliyanın "Southeast-Venezuela", "Bardiani-CSF", "Androni Giocattoli" və "Nippo-Vini Fantini", Belçikanın "Topsport Vlaanderen-Baloise" kimi peşəkar kontinental komandalar var.

Yarışın 3-cü mərhələsində komandamızın üzvü Yannis Tamuridis 172 km məsafəni 3 saat, 34 dəqiqəyə qət edib və fotofinişə əsasən 3-cü nəticə göstərib. Bundan başqa, "Synergy Baku" nüfuzlu yarışın ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan "yaşıl köynəy"i də 2-ci mərhələdən etibarən ələ keçirib - Kiril Pozdnyakov həm 2-ci, həm də 3-cü mərhələdə dağ yollarını daha inamla qət edib.

Bu gün keçiriləcək sonuncu, 4-cü mərhələdə iştirakçılar 164 km məsafə qət edəcəklər. Qeyd edək ki, "Synergy Baku" "Coppi e Bartali" yürüşündə Elçin Əsədov, Maksim Averin, Matiya Kvasina, Matey Müqerli, Kiril Pozdnyakov, Yosip Rumaç, Aleksandr Surutkoviç və Yannis Tamuridisdən ibarət heyətlə təmsil olunur.