Yeniyetmə qılıncoynadanlar beynəlxalq turnirdə iştirak ediblər

Qılıncoynatmanın şpaqa növü üzrə yeniyetmə idmançılarımız Yunanıstanın Saloniki şəhərində keçirilən “Thessaloniki Europcup” turnirində iştirak edib.

17 yaşadək qız şpaqaçıların şəxsi yarışında Xədicə Həsənli ən güclü 8-liyə kimi irəliləməyi bacarıb.

Qrupda 3 qələbəsi olan Xədicə pley-offda keçirdiyi görüşlərdə Türkiyə, Ukrayna və İsraili təmsil edən rəqiblərinə qalib gələrək turnirin ən güclü 8 qız şpaqaçısı sırasına yüksəlməyi bacarıb. Xədicə bürünc medalın bir addımlığında ukraynalı Ustina Ohona 12:15 hesabı ilə uduzub.

Digər yeniyetmə qız şpaqaçılarımızan Aynur Quliyeva 32-liyə yüksəlmək uğrunda Bolqarıstan, Nəzrin Mehdiyeva isə 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə Yunanıstanı təmsil edən rəqibinə uduzub. Yeniyetmə şpaqaçılarımızdan Xatun Bayramova qrup mərhələsini adlaya bilməyib.

Yeniyetmə qız şpaqaçılarımız komanda yarışında Yunanıstanı təmsil edən kollektivə 39:38 hesabı ilə qalib gələrək ən güclü 8-liyə yüksəlib. Yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Ukraynanın 2-c komandasına 28:45 hesabı ilə uduzan şpaqaçılarımız 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə Ukraynanın 4-cü (45:37) və İsralin ikinci komandasına (44:42) qalib gələrək turniri ilk 5-likdə bitirib.

Oğlan şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 4 qələbə ilə başa vuran Mirxətai Məmmədov ilk pley-off görüşündə yunan rəqibinə qalib gəlsə də, 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə fransalı şpaqaçıya uduzub.

Müəllif: Bəhruz MƏMMƏDOV