İlk dəfə cüdo üzrə Bakı kəndləri birinciliyi keçiriləcək

ESTAFET/ 11-13 fevral tarixlərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə U-13 və U-15 kiçik yaşlı yeniyetmələr arasında Bakı kəndləri birinciliyi keçiriləcək.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, "Bakı Abadlıq Xidməti” MMC və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq turnirdə Bakı kəndlərinin müxtəlif klub, cəmiyyət və idman təşkilatından 200-ə yaxın cüdoçu qatılacaq. 

Turnir Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq. 

İlk gün 2009-2010-cu il təvəllüdlü, ikinci gün isə 2011-2012-ci il təvəllüdlü yeniyetmələrin fərdi yarışları keçiriləcək. Sonuncu - üçüncü gün U-15 yeniyetmələr arasında komanda yarışı baş tutacaq. 

Hər gün saat 9:00-da başlayacaq yarışların açılış mərasimi 11 fevral saat 16:00-da keçiriləcək.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

Birinciliyin əsas məqsədi kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması ilə yanaşı, Bakı kəndlərində cüdo idman növünə marağın artırılması və cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Müəllif: Natiq NƏSİROV