"ZİRƏ" DEBÜTDƏN MƏRHƏLƏ ADLAMAĞI BACARDI
ESTAFET/ “Differdanj”la oyundan öncə klub rəhbərliyinin UEFA nümayəndəsinə erməni silahli qüvvələrinin atəşkəsi pozması nəticəsində Füzuli rayonunda həyatını itirən iki yaşlı Zəhra və onun nənəsinin xatirəsinə oyuna qara sarğıyla çıxmaq müraciətinə qitənin ali futbol qurumu müsbət cavab verdi. UEFA-nın yalnız "Zirə"yə oyuna qara sarğıyla çıxmağa icazə verdiyini də vurğulayaq.
“Zirə” klubunun start heyəti aşağıdakı kimi idi:
1. A. Nəzirov (q) (k)
3. B. Cozef
4. V. Mustafayev
5. A. Nağıyev
6. R. Sadiqov
9. D. Manqa
10. K. Belfort
14. Q. Matey
23. Y. Krneta
28. T. Xəlilzadə
43. R. Qadze
Komanda oyuna heç də yaxşı başlamadı və bunun məntiqi nəticəsi kimi 10-cu dəqiqədə rəqib futbolçu Devid Vandenbrok “Zirə”nin qapısına yol tapdı.
İkinci hissədə üstünlüyü ələ alan “qartallar” əvvəlcə 63-cü dəqiqədə David Manqanın qoluyla hesabı bərabərləşdirdi. 67-ci dəqiqədə isə Riçard Qadze rəqibi ikinci dəfə mərkəzə dəvət etdi.
Hakimin final fitiylə komandamız avrokuboklardakı debüt ilindəcə növbəti mərhələyə vəsiqəni rəsmiləşdirdi.
Oyundan sonra "Zirə"nin baş məşqçisi Ayxan Abbasovun açıqlaması:
"Avrokubok təcrübəmizin olmaması səbəbindən oyuna yaxşı başlamadıq və gözlənilməz qol buraxdıq. Ümumiyyətlə ilk hissədə çox sayda səhvə yol verdik. Vəziyyəti düzəltmək üçün fasilədə uşaqlarla danışdıq. İkinci hissədə daha yaxşı oynamağa başladıq və qələbə qazandıq. Növbəti mərhələyə çıxmağa daha layiq olduğumuzu sübut etdik. Qələbəmizi xalqımıza və ötən gün Füzulidə həyatlarını itirən soydaşlarımıza həsr edirik".