Şimal zonası üzrə Azərbaycan birinciliyi keçirilir

ESTAFET/ Bu gün boks üzrə kadetlər arasında Şimal zonasının birinciliyinə start verilib. Cənub zonasından sonra baş tutan yarışa ev sahibliyini Şamaxı edir.

Rayonun Olimpiya İdman Kompleksində təşkil olunan birinciliyə Balakən, Zaqatala, Şəki, Qəbələ, Ağdaş, Göyçay, Ağsu, Şamaxı, Siyəzən, Şabran və Xaçmaz komandaları qatılıblar. 17 çəki dərəcəsində 56 boksçu mübarizə aparacaq. İlk 3 yeri tutacaq idmançılar ölkə birinciliyində iştirak hüququ qazanacaqlar. Yarış 3 gün davam edəcək.

Birinciliyi izləyən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qalib boksçuların mükafatlandırma mərasimində də iştirak edib.

Növbəti turnirlər Qərb, Bakı, Sumqayıt və Naxçıvan zonaları üzrə olacaq. Paytaxt birinciliyində hər çəki dərəcəsində ən güclü 4, Qərb zonasında 3, Sumqayıt birinciliyində 2, Naxçıvan zonasında 1 boksçu Azərbaycan birinciliyinə vəsiqə qazanacaq.

Qeyd edək ki, bu yarışların təşkilində əsas məqsəd boks idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, perspektivli idmançıların müəyyənləşdirilməsidir.

Müəllif: Natiq NƏSİROV