Seysmoloqların komandası çempion olub

AMEA-nın Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Spartakiada çərçivəsində keçirilən futbol yarışı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin futbol komandası çempion olması ilə başa çatıb. Mayın 8-də keçirilən final mərhələsində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin komandası AMEA-nın Azad Həmkarlar İttifaqının komandası ilə qarşılaşıb.  Hər iki komandanın üzvləri çempion titulunu qazanmaq üçün gərgin mübarizə aparıblar. 

Final qarşılaşması 2:1 hesabı ilə RSXM komandasının qələbəsi ilə başa çatıb. Beləliklə, AMEA-nın Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Spartakiadanın qalibi seysmoloqların komandası olub. 

İkinci yerə AMEA-nın Azad Həmkarlar İttifaqının komandası, üçüncü yerə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu komandaları çıxıb. Oyundan sonra RSXM-nin komandasına çempion kubokunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli təqdim edərək seysmoloqları təbrik edib.

Qeyd edək ki, təqdimetmə mərasimində AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli və digər elmi müəssisə və təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, RSXM əməkdaşları bundan əvvəlki illərdə də ölkəmizdə keçirilən müxtəlif idman növləri üzrə yarışlarda iştirak edərək, yüksək nəticələr göstərərək  medallar qazanıblar. 2018-ci ildə RSXM-nin futbol komandası AMEA-nın Azad Həmkarlar Təşkilatının təşəbbüsü ilə institut və elmi təşkilatların komandalarının yarışdığı II Spartakiadanın qalibi olub.

Müəllif: Bəhruz MƏMMƏDOV