Bakıda atıcılıq üzrə "Dünya Kuboku 2023" start götürüb

Bakı Atıcılıq Mərkəzində “Dünya Kuboku 2023” yarışlarının açılışı keçirilib.

Yarışlara dünyanın 66 ölkəsindən 623 idmançı qatılıb. İdmançılar 6 gün ərzində güllə atıcılığının 10 növündə qalibiyyət uğrunda mübarizə aparacaqlar.

Açılış mərasimində yarışların Azǝrbaycan xalqının Ümummilli Lideri Heydǝr Əliyevin 100 illiyinə təsadüf etdiyi vurğulanıb. Bildirilib ki, Azǝrbaycan gǝnclǝrinin sağlam hǝyat tǝrzi üçün idmanın inkişafına ǝhǝmiyyǝt verǝn vǝ idmançıları daim dǝstǝklǝyǝn Heydǝr Əliyevin müstǝqil Azǝrbaycanın beynǝlxalq idman arenasında tanınmasında əvəzsiz xidmətləri olub.

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, ölkəmizdə 3-cü dəfə keçirilən dünya kuboku yarışlarının Azərbaycanda atıcılıq idman növünün inkişafında böyük rolu olduğunu, bu idman növündə ilk Olimpiya qızıl medalının məhz Heydər Əliyevin prezidentliyi vaxtında qazanıldığını bildirib.

Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahəddinova bu yarışlara ölkəmizin də böyük heyətlə qatıldığını bildirərək, bütün idmançılara uğurlar arzulayıb. Stend atıcılığı üzrə Olimpiya çempionumuz güllə atıcılığı üzrə Paris Yay Olimpiya Oyunlarında tətbiq olunacaq yeni qaydaların bugündən etibarən qüvvəyə mindiyini elan edib.

Beynəlxalq Atıcılıq İdman Federasiyasının (ISSF) İdarə Heyətinin üzvü Hazem Hosni tamaşaçıları salamlayaraq ISSF prezidenti Lusyano Rossinin adından Dünya Kuboku yarışını açıq elan edib.

Tədbir konsert və əyləncə proqramı ilə davam edib.

Yarışların ilk final oyunları mayın 10-dan başlayacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV