Naxçıvan zona birinciliyi 2 gün davam edəcək

ESTAFET/ Bu gün boks üzrə kadetlər arasında Naxçıvan Muxtar Respublikasının zona birinciliyinə start verilib. Cənub, Şimal, Bakı, Qərb və Sumqayıt zonasından sonra baş tutan yarışa ev sahibliyini Naxçıvan edir.

Olimpiya İdman Kompleksində təşkil olunan birinciliyə Şərur, Babək, Sədərək, Naxçıvan və Kəngərli komandaları qatılıblar. 13 çəki dərəcəsində 45 boksçu mübarizəyə qoşulub. Qaliblər ölkə birinciliyində iştirak hüququ qazanacaqlar. Yarış 2 gün davam edəcək.

Birinciliyin açılış mərasimində Azərbaycan Boks Federasiyasının (ABF) İdarə Heyətinin üzvü Rövşən Hüseynov iştirakçılara uğurlar arzulayıb. O bildirib ki, zona yarışlarının təşkilində əsas məqsəd hər bir regionun ən güclü boksçularının Azərbaycan birinciliyində iştirakını təmin etməkdir: “Naxçıvanda zona birinciliyi federasiyanın təşəbbüsü ilə 20 ildən sonra yenidən keçirilir. Bu münasibətlə hər birinizi təbrik edirəm. Burada hər çəki dərəcəsinin qalibi Bakıda keçiriləcək Azərbaycan birinciliyinə vəsiqə qazanacaq. O, uğurunu iyundakı yarışda da təkrarlayacağı halda, yığmaya cəlb olunacaq və özünü hazırlıqda da yaxşı tərəfdən göstərərsə ölkəmizi avqustda Avropa birinciliyində təmsil edəcək”.

Birinciliyin startından öncə R. Hüseynov və ABF-in Hakimlər Komitəsinin sədri Emil Qurbanəliyev döyüşləri idarə edən yerli gənc referilərə seminar keçib.

Bu yarışla apreldən başlayan zona birinciliklərinə yekun vurulacaq. Hər zonanın ən güclüləri iyunun 12-17-də Bakıda olacaq ölkə birinciliyində gücünü yoxlayacaq.

Qeyd edək ki, bu yarışların təşkilində əsas məqsəd boks idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, perspektivli idmançıların müəyyənləşdirilməsidir.

Müəllif: Natiq NƏSİROV