Ruzanna Məmmədova Avropa çempionatının finalında
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı davam edir.
Üçüncü yarış günündə qızlardan ibarət millimizin 2 üzvü xalça üzərinə çıxıb.
Mübarizəyə 1/4 finaldan qoşulan Səadət Quliyeva (43 kq) sonuncu xal prinsipinə əsasən (3:3) isveçli Maya Yohanssona məğlub olub.
Ruzanna Məmmədova (57 kq) isə qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz əvvəlcə ispaniyalı Rosa Rodrigesi, daha sonra isə türkiyəli Aslı Köleni “tuş”la üstələyib. Məmmədova yarımfinalda polşalı Suzanna Horbikə 5:1 hesabıyla qalib gələrək 2-ci dəfə Avropa çempionatının finalına yüksəlib. Ruzanna iyunun 15-də finalda macarıstanlı Sofi Ritterlə qarşılaşacaq.