Anna Skidan və 2-ci yeri tutan Aleksis Kopello Avropa oyunlarının medallarına iddialarını davam etdirirlər

Divizion qalibi olan Anna Skidan və 2-ci yeri tutan Aleksis Kopello Avropa oyunlarının medallarına iddialarını davam etdirirlər

Polşanın ev sahibliyi etdiyi III Avropa Oyunlarının tərkib hissəsi olan atletika üzrə komandalar arasında Avropa çempionatına start verilib. Yarışın ilk günündə 2-ci və 3-cü diviziondakı idmançılar mübarizə aparırlar. 3-cü divizionda yer alan təmsilçilərimiz arasında ən uğurlu nəticəni çəkic atma yarışlarında Anna Skidan göstərib. 3-cü cəhdindən etibarən göstəricilərini getdikcə daha da yaxşılaşdıran Anna yekunda 71.69 metr nəticəyə imza atıb. Bununla da 11 atlet arasında Azərbaycan idmançısı bütün rəqiblərini qabaqlayaraq 1-ci yeri tutub və divizionun qalibi adını qazanıb. Üç təkanla tullanmada Aleksis Kopello 15.91 metr nəticə ilə yadda qalıb. Bununla da atletimiz 14 idmançı arasında 2-ci olub. Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda yarışıb. Vəliyeva 55.79 saniyə göstərici ilə 5-ci sırada qərarlaşıb. Anna Yusupova 5000 metr məsafəyə qaçışda iştirak edib. 17.37.97 dəqiqə nəticə ilə Anna 14 iştirakçının qatıldığı yarışda finişə 5-ci gəlib. 400 metr məsafəyə qaçışda Cavid Məmmədov 49.58 saniyə nəticə ilə 10-cu yeri tutub. Elman Abışov 800 metr məsafəni 2.06.12 dəqiqəyə qət edib və bu iştirakçılar arasında 14-cü nəticə olub. 100 metr məsafəyə qaçışda İlahə Quliyeva 12.39 saniyə göstərici ilə yarışı 10-cu yerdə başa vurub. 100 metr məsafəyə qaçışda kişilərin mübarizəsindəki təmsilçimiz Aleksey Əliəkbərov isə 11.23 saniyə nəticə ilə 11-ci olub.

Qeyd edək ki, fərdi yarışlarda oyunların mükafatçıları 3 divizionun hamısında mübarizə yekunlaşdıqdan sonra ümumi nəticələr əsasında müəyyən ediləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV