Cüdo millimiz Avropa çempionu oldu

25 iyunda Portuqaliyanın Odivelas şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatının qarışıq komanda yarışlarında cüdoçularımız qızıl medal qazanıb. Qeyd edək ki, bu Avropa çempionatlarının komanda yarışlarında qazandığımız ilk qızıl medal kimi tarixə düşdü.

Azərbaycan komandası ilk görüşdə Niderland yığmasını 4:1 hesabı ilə, ikinci görüşdə Almaniya yığmasını 4:2 hesabı ilə, yarımfinalda isə İtaliya yığmasını 4:2 hesabı ilə məğlub edib. Cüdoçularımızın final görüşündə rəqibi Fransa komandası olub. İdmançılarımız Fransa yığmasına 4:3 hesabı ilə qalib gələrək yarışın qızıl medallarını və kubokunu qazanıblar.

Millimiz fərdi yarışlarda 6 qızıl və 3 bürünc medal olmaqla 9 medal qazanıb və medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 4-cü yeri tutub.

Azərbaycan cüdo ailəsi adından bütün milli yığma heyətini, o cümlədən məşqçilərimizi, tibbi personalımızı, idmançılarımızın şəxsi məşqçilərini və ən əsası da qəhrəmanlarımızı - idmançılarımızı təbrik edirik!

Müəllif: Natiq NƏSİROV